|
2010-06-08
Yeni məhsul və layihələr
Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Səhliyalı” kiçik müəssisəsində istehsal olunan ət və süd məhsullarının, habelə bu məhsulların istehsalı üçün istifadə olunan xammalın laborator müayinəsi zamanı “1000 bərəkət, halal nemət” və “BS” əmtəə nişanlı yağların tərkibinin normativ sənədlərin tələblərinə və etiket göstəricilərinə uyğun olmadığı müəyyən edilmişdi.
|
Belə ki, normativ sənədlərə və məhsulun etiket göstəricilərinə əsasən, müəssisə tərəfindən istehsal edilən qarışıq yağın tərkibində kərə yağının miqdarı 52,5% təşkil etdiyi halda, laborator müayinələr zamanı məhsulun tərkibində kərə yağı aşkar edilməmişdi.
Dövlət Xidməti tərəfindən davam etdirilən araşdırmalar zamanı müəyyən edilmişdir ki, müəssisədə ət və süd məhsullarının istehsalında xammal kimi Ukraynada istehsal edilmiş “Bonus”, “Voloqodskiy” və “Popelyanskiy” nişanlı qarışıq yağlardan istifadə olunur. Etiket göstəricilərinə əsasən, kərə yağının miqdarı “Bonus” nişanlı yağda 25%, “Voloqodskiy” nişanlı yağda 30% və “Popelyanskiy” nişanlı yağda 40% təşkil edir. Lakin aparılmış laborator müayinələr nəticəsində kərə yağının “Bonus” və “Voloqodskiy” yağlarının tərkibində 2%-dən, “Popelyanskiy” yağının tərkibində isə 15%-dən az olduğu müəyyən edilmişdir. Beləliklə, tərkibində kərə yağı maksimum 15% təşkil edən Ukrayna mənşəli qarışıq yağların müəssisə tərəfindən 52,5% kərə yağlı məhsul kimi qablaşdıraraq, satışa çıxarıldığı aşkar edilmişdir.
Bundan başqa, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzində qeydə alınmış resepturasına və etiket göstəricilərinə əsasən, müəssisədə istehsal edilən “1000 bərəkət, halal nemət” əmtəə nişanlı əla növ bişmiş “Qaymaqlı”, “Doktorskaya EF” və “Sübh”, əla növ yarım hisə verilmiş “Krakovskaya EF” kolbasalarının, əla növ “Halal nemət” sosiskasının və əla növ “Səhər” sardelkasının istehsalında kərə yağından istifadə olunmalıdır. Lakin müəssisənin istehsalat sahəsinin anbarında yalnız tərkibində kərə yağı 2%-dən az olan “Voloqodskiy” nişanlı yağ aşkar edilmişdir.
Beləliklə, həm süd, həm də ət məhsullarının istehsalı və satışı zamanı “Səhliyalı” kiçik müəssisəsi tərəfindən istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verildiyi müəyyən edilmişdir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara “Səhliyalı” kiçik müəssisəsində istehsal edilmiş ət və süd məhsullarını almamağı tövsiyə edir.

