|
2010-06-30
Tədbirlərdə iştirak
Forum çərçivəsində «Xalq Kompüter» layihəsinin əsas mərhələsinin başlanması haqda razılaşma imzalandı
|
30 iyun tarixində Hyatt Regency mehmanxanasının “Quba” zalında Azərbaycanda rəqəmli bərabərsizliyin aradan qaldırılması və müxtəlif əhali qruplarının informasiya ilə təmin olunması üçün dövlət və özəl təşəbbüslərin əməkdaşlığı məsələsinə həsr olunmuş İnnovasiyalar Günü keçirildi. İnnovasiyalar Günü Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Microsoft Azərbaycan tərəfindən HP, Bestcomp və Ultra şirkətlərinin dəstəyilə keçirilmişdir.
İnnovasiyalar Günü çərçivəsində «Xalq Kompüteri» layihəsinin əsas mərhələsinin başlanması haqda razılaşma da imzalandı. Layihənin yeni mərhələsi Microsoft Azərbaycan, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP, həmçinin Ultra və Bestcomp şirkətlərinin iştirakılə reallaşdırılacaqdır.
Razılaşmanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov, Təhsil Nazirliyinin təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov, Microsoft Azərbaycan şirkətinin baş nümayəndəsi Teymur Axundov, HP Azərbaycan şirkətinin baş nümayəndəsi Rüfət Hacıəlibəyov imzalamışlar. “Xalq Kompüter” layihəsinin əsas məqsədi müəllimlərin və şagirdlərin müasir kompüter və lisenziyalı proqram təminatını güzəştli şərtlərlə əldə etməsi üçün şərait yaratmaq, bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətində apardığı fəaliyyəti dəstəkləməkdən ibarətdir.
Layihənin ümumi konsepsiyası bir sıra mühüm dövlət proqramlarına, o cümlədən Rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramına (“Elektron Azərbaycan”) və 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramına tam uyğundur.
Layihənin məqsədi insanların İKT imkanlarından səmərəli istifadə edərək həyat səviyyəsini yüksəltmək və həyat tərzini yaxşılaşdırmaq, informasiya cəmiyyətinə keçidi təmin etmək üçün aşağıdakı məsələlərin inkişafına nail olmaqdır:
- Əqli əməyin təşviqi;
- Bilik iqtisadiyyatı yönümlü kadrların hazırlanması;
- İKT yönümlü kadrların hazırlanmasını stimullaşdırmaq;
- Kreditdən istifadə imkanlarının genişləndirilməsi;
- E-hökumətin inkişaf etdirilməsi;
- Təhsil sisteminin dəstəklənməsi;
- Əqli mülkiyyətin qorunması;
- Kompüter vərdişlərinin təşviqi;
- Aztəminatlı sosial qrupların dəstəklənməsi;
- Regionlarda yaşayan əhalinin kompüter əledə etməsi üçün imkan yaratmaq;
- 100 nəfərə düşən kompüterlərin sayını dünyanın orta göstəricilərinə çatdırmaq.
2009-cu ilin aprelində başlayan pilot layihə çərçivəsində müəllimlərə 7695 kompüter və lisenziyalı proqram təminatı satılmışdır.
İmzalanmış razılaşmanın şərtlərinə əsasən, “Xalq Kompüteri” layihəsi çərçivəsində müəllimlərdən başqa orta məktəb şagirdləri və ali təhsil müəssisələrinin tələbələri də kompüter və lisenziyalı proqram təminatını almaq üçün imkan əldə edirlər.
Bütün avadanlıqlar 12 ay müddətinə faizsiz kreditə veriləcəkdir. “Xalq Kompüteri” layihəsi çərçivəsində təqdim olunan kompüter və lisenziyalı proqramlar dəstinin ümumi qiyməti bazar qiymətlərindən xeyli aşağıdır. Layihə çərçivəsində kompüter alanlar əlavə olaraq kompüter və internet haqda materiallarla, həmçinin Təhsil Nazirliyi tərəfindən təqdim olunmuş elektron dərsliklərlə təmin olunacaqlar. “Aztelekom” İstehsalat Birliyi hər kompüter alan internetə güzəştli giriş imkanını təqdim edəcək.
Kompüterlərin çatdırılmasını və aylıq ödəmələrin qəbulunu “Azərpoçt” həyata keçirəcək. Kompüter və lisenziyalı proqram təminatının təchizatını HP və Microsoft şirkətlərinin yerli tərəfdaşları – BestComp Group və Ultra şirkətləri həyata keçirəcək.
“Xalq Kompüteri” layihəsi çərçivəsində dövlət qurumlarının və İKT sektorun dünyanın aparıcı biznes şirkətlərilə tərəfdaşlığı Azərbaycanda “Public-private partnership” konsepsiyasını uğurla tətbiq etməyə imkan verir. Fərəhlidir ki, Azərbaycan hökumətinin bu sosial yönümlü təşəbbüsü ölkədə əhaliyə düşən kompüterlərin sayını dünyanın orta göstəricilərinə çatdırmağa imkan verəcək.

