|
2010-07-01
Tədbirlərdə iştirak
Bu gün Bakıda İnnovasiyalar Günü çərçivəsində Azərbaycanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, eləcə də Microsoft və HP şirkətləri tərəfindən həyata keçirilən və əhalinin güzəştli şərtlərlə kompüter və proqram təminatı ilə təmin edilməsi məqsədini daşıyan «Xalq kompüteri» layihəsinin yeni mərhələsinin başlanması haqqında elan olunub.
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Microsoft şirkəti ilə birgə təşkil etdiyi tədbirdə tərəflər Niyyət Protokolu imzalayıblar. Sənədə əsasən, kompüterlərin əldə olunması üzrə güzəştli şərtlər əhalinin yeni təbəqələri, şagird, tələbə və ali tədris müəssisələrinin müəllimlərinə şamil olunacaq.
Forum əsnasında layihənin ilk mərhələsi haqqında məlumat verilib. Qeyd olunub ki, “Xalq kompüteri”nin orta məktəb müəllimləri üçün nəzərdə tutulan pilot mərhələsi çərçivəsində 8 min kompüter satılıb. Layihənin şərtlərinə əsasən qurğular 12 aylıq müddətinə faizsiz kreditlə təqdim olunur, kompüterlərin qiyməti isə bazar qiymətlərindən 25-40 faiz aşağıdır.
“Xalq kompüteri” layihəsinin həyata keçirilməsi barədə danışan Microsoft və HP şirkətlərinin nümayəndələri Azərbaycanda özəl sektor və hökumət arasında uğurlu əməkdaşlığın olduğunu vurğulayıblar. Həmçinin bildirilib ki, layihə MDB ölkələrinin böyük marağına səbəb olub.
Dünyada yüzlərlə bu kimi layihələrin həyata keçirilməsini deyən Microsoft nümayəndəsi isə bu gün Azərbaycanda icra olunan layihənin digər ölkələr üçün nümunəvi olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan təhsil naziri Misir Mərdanov “Xalq kompüteri”nin birinci mərhələsinin uğurla reallaşdırılmasından məmnun qaldığını bildirib və layihənin əvvəlində bu cür nəticələrin əldə olunacağını gözləmədiyini etiraf edib. Misir Mərdanov təhsil sahəsinin bütün nümayəndələrinə güzəştli şərtlərlə kompüter əldə etmək imkanı verəcək bu layihənin gələcəkdə genişlənəcəyinə ümid etdiyini bildirib.
Tədbirin yekununda çıxış edən Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd edib ki, “Xalq kompüteri” layihəsi ölkənin gələcək inkişafı üçün olduqca böyük əhəmiyyət kəsb edir. Dünya korporasiyaların və analitik şirkətlərin müvafiq yüksək qiymətləri və müsbət rəyləri isə layihənin icrasında nail olunmuş uğurun tutarlı sübutudur. Nazir bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının yayılması nöqteyi-nəzərdən “Xalq kompüteri” layihəsi ən önəmli əhəmiyyət kəsb edir. Çünki məhz kompüterlər vasitəsilə əhali yeni texnologiyalara çıxış imkanı əldə edir və bu cür qurğularsız İKT-nin kütləvi istifadəsinə nail olmaq mümkün deyil. Əli Abbasov həmçinin pilot layihəsi çərçivəsində müşahidə olunan müəllimlərin maliyyə intizamlarını da xüsusi vurğulayıb və qeyd edib ki, bu da layihənin davam etdirilməsinə təkan verən həlledici faktorlardan biri olub.
Sonda nazir layihənin bütün iştirakçılarına uğurlar və məqsədlərinin ən qısa müddətdə həyata keçməsini arzulayıb.

